Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Şimali Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan “Ai4 2025” konfransında təmsil olunub.
Tədbirdə ekosistemi PAŞA Holding-in Baş data inzibatçısı Valeh Nəbiyev, Bir Ekosistemin İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, eyni zamanda bankın Data menecment ofisinin lideri Seymur Şabanlı və Bir Ekosistem Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil edib.
2018-ci ildən etibarən keçirilən konfrans bu il Las Veqas şəhərində baş tutub. 85 ölkədən 8000-dən çox iştirakçının qatıldığı tədbir “Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.
Konfransda “Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən Valeh Nəbiyev Bir ekosistemin bu istiqamətdəki yanaşması və təcrübəsi barədə məlumat verib.
“Bir ekosistemi süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir. Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı və təhlükəsiz inkişafını təmin edir”.
Süni intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olan konfrans, həmçinin ekosistemin nümayəndə heyətinə beynəlxalq istiqamətdə yeni tanışlıqlar, təcrübə mübadiləsi və əməkdaşlıq imkanları da qazandırıb.
Bir – Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "MilliÖn" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem, hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: https://bir.az/