Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Qafqazın ilk tam inteqrasiya olunmuş e-ticarət, bankçılıq və ödəniş ekosistemi olan Bir şirkətinin özəl bankçılıq xidməti premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində “Best Private Bank in Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) adına layiq görülüb. Bununla da Birbank Private bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk Azərbaycan bankı olub.

2009-cu ildə təsis edilən “Global Private Banking Awards” mükafatı “Financial Times Group”un nəşrləri olan “Professional Wealth Management” (PWM) və “The Banker” jurnalları tərəfindən birgə təşkil olunur. Mükafatlar dünya miqyasında özəl bankçılıq qruplarının keyfiyyət və kəmiyyət göstəricilərini qiymətləndirir. Müraciətlər müxtəlif regionlardan olan sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilir, Əsas Fəaliyyət Göstəricilərinin təhlili isə PWM tərəfindən həyata keçirilir.

Bu mükafat Birbank Private-ın son illərdə əldə etdiyi əhəmiyyətli inkişaf göstəricilərinin nəticəsidir. Belə ki, son iki il ərzində idarə olunan aktivlərin həcmi iki dəfədən çox artıb. Təkcə 2025-ci ildə bu göstərici 50,9% yüksəlib. Eyni dövrdə müştəri bazasında 71,8%, orta müştəri balansında isə 20,8% artım qeydə alınıb.

Birbank Private müştərilərinə fərdi bankçılıq yanaşması, xüsusi maliyyə həlləri və gündəlik həyatlarını daha rahat edən geniş çeşidli premium xidmətlər təqdim edir. Müştərilər fərdi xidmət, prioritet dəstək və müxtəlif eksklüziv üstünlüklərdən yararlanmaqla yanaşı, bank əməliyyatlarını məsafədən və operativ şəkildə həyata keçirə bilirlər.

Birbank Private-ın əsas fəaliyyət prinsiplərindən biri müştəri sayının artırılmasından daha çox, mövcud müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulmasına üstünlük verməkdir. Bu məqsədlə hər bir müştəriyə fərdi müştəri meneceri, şəxsi investisiya portfelinin idarə edilməsi, fərdi kredit təklifləri, eləcə də milli və xarici valyutada depozit məhsulları təqdim olunur. Maliyyə bazarlarında dəyişkənlik müşahidə olunduğu zaman isə müştəri menecerləri qabaqlayıcı şəkildə müştərilərlə əlaqə saxlayaraq strategiyaları onların fərdi məqsədlərinə və bazardakı dəyişikliklərə uyğunlaşdırırlar.

Bir ekosisteminin Fintex biznesinin rəhbəri Cavid Mirzəyev əldə olunan nailiyyətlə bağlı fikirlərini bölüşüb:

"Bu mükafat Azərbaycanda özəl bankçılıq sektorunda əldə etdiyimiz inkişafın beynəlxalq miqyasda tanınması baxımından xüsusi önəm daşıyır. Maliyyə xidmətləri rəqəmsallaşdıqca, müştərilərin gözləntiləri də dəyişir. Artıq onlar sadəcə rahat və əlçatan xidmətlər deyil, həm də fərdi yanaşma, peşəkar məsləhət və kompleks maliyyə həlləri axtarırlar. Bir hər kəs üçün nəzərdə tutulmuş vahid ekosistemdir. Məhz bu yanaşma Birbank Private-a müştərilərinə daha geniş imkanlar yaratmaq üçün əlavə üstünlük verir. Özəl bankçılıq müştərilərimizin əksəriyyəti eyni zamanda tərəfdaş (merchant) şəbəkəmizin əsas iştirakçıları olan sahibkarlar və iri şirkət rəhbərləridir. Bu sıx əlaqə bizə onların sadəcə maliyyə ehtiyaclarını deyil, biznes hədəflərini və həyat tərzini də tam əhatə edən fərdiləşdirilmiş xidmətlər təqdim etməyə imkan yaradır. Bu uğurda əməyi olan komandamızla qürur duyuruq. Əsas hədəfimiz müştərilərimizin daim dəyişən ehtiyaclarına çevik uyğunlaşaraq, özəl bankçılıq xidmətlərimizi daha da inkişaf etdirmək və onlara ən yüksək xidmət səviyyəsini yaşatmaqdır."

Qeyd edək ki, Birbank Private 2025-ci ildə də International Investor nəşri tərəfindən “Best Private Banking Azerbaijan” (Azərbaycanın ən yaxşı özəl bankı) mükafatına layiq görülüb. Yeni mükafat bankın beynəlxalq səviyyədə tanınmasını və Azərbaycanın özəl bankçılıq bazarındakı mövqeyini daha da gücləndirir.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Paylaş