Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe forumunda, Qafqaz regionunun ilk tam inteqrasiyalı ekosistemi olan Bir ekosisteminin fintex şirkəti PashaPay ölkəmizi təmsil edir. 3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə PashaPay öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenaya təqdim edir.
Money 20/20 Europe maliyyə və texnologiya sahəsində ən nüfuzlu qlobal tədbirlərdən biridir. Burada dünyanın ən qabaqcıl fintex liderləri, innovativ startapları və iri maliyyə institutları yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar.
Tədbir çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm bir əməkdaşlığa da imza atılıb. Belə ki, PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan Mastercard ilə birlikdə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcəklər. Bununla yanaşı, Mastercard-ın “MoneySend”, “Cross-Border Send” və “Alias Directory” xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan Kapital Bank da öz nümayəndə heyəti ilə tədbirdə iştirak edir. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif vörkşoplarda iştirak edərək sektorun ən son yeniliklərini öyrənirlər.
Bir – Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "MilliÖn" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem, hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: https://bir.az/