30 dekabr 2025-ci il tarixindən “PAŞA Holding”in yeni törəmə şirkəti – “PAŞA Maliyyə Holding”-i fəaliyyətə başlayıb. Bu strateji addımla Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir yeni holdinqin tərkibinə daxil edilib və idarəetmə strukturunda mühüm təyinatlar həyata keçirilib.
Yeni strukturun formalaşdırılması ilə “PAŞA Holding”in Baş İcraçı direktorunun müavini və Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “PAŞA Maliyyə Holding”in Baş İcraçı direktoru və Bir ekosisteminin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri qismində də strateji rəhbərliyini davam etdirəcək.
“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Fərid Hüseynov da yeni strateji vəzifəyə təyin olunub. Fərid Hüseynova 2026-cı ilin yanvar ayından etibarən Kapital Bank-dakı vəzifəsi ilə yanaşı, Bir ekosisteminin Baş İcraçı direktoru səlahiyyəti də verilib.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Cavid Mirzəyev isə Bir ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib. O, eyni zamanda bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun 1-ci müavini vəzifəsinə də təyinat alıb. Qeyd edək ki, Cavid Mirzəyev daha öncə Kapital Bank-ın Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsini icra edirdi.
Ekosistemin daxilində yaradılan Ödənişlər Biznesinin rəhbərliyi isə Cəlal Orucova həvalə olunub. Həmçinin, Ödənişlər Biznesinin istiqamətlərindən olan, ölkənin ən iri elektron pul təşkilatlarından biri “m10” və “MilliÖn” platformalarını birləşdirən PashaPay MMC-nin rəhbərliyində də dəyişiklik edilib. Belə ki, Pünhan Nərimanov PashaPay MMC-nin İcraçı direktoru təyin olunub.
Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan Birmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ə rəhbərlik edib.
Bir – Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "MilliÖn" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem, hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: https://bir.az/